İngilis həkim: "Qəzzada uşaqlar tibbi yardımdan məhrum qalıblar" | VİDEO

 İngilis həkim: "Qəzzada uşaqlar tibbi yardımdan məhrum qalıblar" |    VİDEO
  20 May 2025    Oxunub:328
"Qəzza zolağına tibbi yardımın çatdırılmasına məhdudiyyət qoyulduğu üçün uşaqlar hətta ən yüngül xəstəliklərdə müalicə ala bilməyərək ölürlər".
Bu sözləri Qəzzanın Xan-Yunis şəhərindəki "Nasir" xəstəxanasında könüllü çalışan ingilis həkim Viktoriya Roz Britaniyanın "Channel 4" telekanalına açıqlamasında dilə gətirib. O vurğulayıb ki, lazımi tibbi yardım tapılsa idi, baş verən ölüm faktlarının qarşısını almaq, əslində, mümkün idi.

"Müayinə və müalicə aparmaq üçün vasitələr tapa bilmədiyim üçün iki gecə əvvəl dörd yaşlı uşağı ağır sepsisdən itirdim. İngiltərədə bu baş vermədi, çünki belə xəstəliklərin müalicəsi var. Bizə yalnız yardım lazımdır", - xanım Roz vurğulayıb.

Həkimin sözlərinə görə, zolaqda siyasi gərginliyə, hərbi əməliyyatlara baxmayaraq, insanlara qida çatdırmaq və tibbi yardım göstərmək humanitar məsələdir.

Xatırladaq ki, İsrail ilə Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı arasında əsir mübadiləsi üzrə yaranan narazılığa görə Qəzza zolağına humanitar yardımın keçidi, təqribən iki aydır ki, məhdudlaşdırılıb. Yalnız dünən yardım gətirən beş yük maşınının Qəzzaya girişinə icazə verilib.


Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   aclıq   xəstələr   uşaqlar  





Xəbər lenti